Rayon ərazisində yeni məişət tullantıları konteynerlərinin sayı artırılır.
Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlərin sayı artırılaraq quraşdırılma işləri aparılır.
Quraşdırılan konteynerlər 2 rəngdə - yaşıl və narıncı təşkil edir. Qeyd edək ki, narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılır. Bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edir.
Bununla əlaqədar olaraq Nəsimi rayonunda yeni müasir iri ölçüdə olan məişət tullantı konteynerlərin ehtiyac olan ərazilərdə sayının artırılması və quraşdırılması işləri davam etdirilir. Eyni zamanda rayon ərazisində yararsız vəziyyətə düşmüş iri ölçüdə olan tullantı konteynerləri ərazidən çıxarılaraq yeniləri ilə əvəz olunur. Bu istiqamətdə həyata keçirilən işlər davam etməkdədir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.