RİH başçısı mikrorayonda səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı yeni təqvim ilində təsdiq edilmiş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə ilk səyyar qəbul keçirmişdir. Qəbulda Hüseyn Seyidzadə, MirCəlal, Asif Məhərrəmov, Hüseynbala Əliyev küçələrinin, Moskva prospekti əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Tanrıverdiyev Qərib, Həsənov Şəmsəddin, Məmmədova Kəmalə, Bayramova Dəyanət, Quliyev Məhəmməd, Quliyeva Arzu, Ələkbərova Səriyyə, İbrahimov Maşallah, Əsədova Günay, Bayramova Səbinə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, həyətin abadlaşması, söhbətgahın təmir edilməsi, suyun təzyiqinin aşağı olması, həyətə girişdə şlaqbaum quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, qurumuş ağacın götürülməsi, tüstü bacasının təmiri, zirzəminin təmizlənməsi, binanın giriş qapısının təmiri, söhbətgah qurulması, asfalt örtüyünün təmiri, məişət tullantıları üçün yeni meydançanın qurulması barədə müraciətlər etdilər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün, suverenliyimizin təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
Vətəndaşlar müraciətlərinin müsbət həll olunduğunu qeyd edərək sakinlərin Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını, görülən işlərə və göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.