RİH başçısı mikrorayonda səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin ərazisində sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda Asif Məhərrəmov, MirCəlal, Cavadxan küçələrinin əhatəsində yaşayan sakinlər iştirak etmişlər.
1-ci mikrorayonda rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda sakinlərdən Abdullayev Pərviz, İbrahimov Rövşən, Həsənova Azadə, Babayev Çingiz, Qurbanova Səda, Həşimov Əlisəfa, Əliyeva Solmaz, Muxtarova Reyhan və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, dam örtüyünün, kanalizasiya xəttinin təmiri, zirzəmidə kommunikasiya xətlərinin təmiri, binanın blokunda pəncərələrin təmiri, həyətin işıqlandırılması, parkdakı fəvvarənin iş saatının artırılması, ümumi istifadə yerlərində özbaşına salınmış çəpərlərin yığışdırılması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.