Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı mikrorayonda səyyar qəbul keçirib

15 may 2024 | 08:22

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Hüseynbala Əliyev, Cavadxan,  əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.

Sakinlərdən Məmmədova Sevil, Nağıyeva Zərifə, Bayramova Gülnaz, Səfərova Ülkər, Kərimov Ağamirzə. Nadirova Sona, Zalıyev Əlifağa, Şəfiyeva Validə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, həyətin abadlaşması, ağacların budanması, qurumuş ağacın kəsilməsi, oturacaqların quraşdırılması, uşaqlar üçün əyləncə elementlərinin quraşdırılması, avtomobillər üçün həyətdə parkinq sahəsinin yaradılması, həyətin işıqlandırılması, su-kanalizasiya xətlərinin təmiri, yolun asfaltlanması, eyvanın pəncərəsinin təmiri,  istilik təchizatının yaxşılaşdırılması, zirzəmidə dezinfeksiya işlərinin aparılması barədə müraciətlər etdilər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

Sakinlərə rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.  Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin nəzərlərinə çatdırılmışdır.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

 

 

Keçidlər