RİH başçısı səyyar qəbul keçirib
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq edilmiş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Moskva prospekti, Rəşid Məmmədov, Cavadxan, Asif Məhərrəmov, Abdulvahab Salamzadə küçələrinin əhatəsində yerləşən binaların sakinləri iştirak etmişlər.
Sakinlərdən Bayramova Reyhan, Mustafayev Ayxan, Mustafayev Elmar, Babayev Cavanşir, Xəlilov Namiq, Vəliyev Eynulla, Cəfərova Samirə, Əliyev Vüsal, Məmmədova Təhminə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın və həyətin təmiri, küçənin işıqlandırılması, zirzəminin təmiri, asfalt örtüyünün çəkilməsi, yağış sularının ötürülməsi üçün barmaqlıqların quraşdırılması, həyətdə maneələrin yığışdırılması, ağacın götürülməsi barədə müraciətlər etdilər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
Vətəndaş Rüstəmova Çiçək müraciətlərinin müsbət həll olunduğunu qeyd edərək sakinlərin Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını, görülən işlərə və göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişdir.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.