“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirilib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi idman oyunlarının rayon mərhələsi keçirilmişdir.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Kamal Quluzadə, Təlim və Tədris Mərkəzinin (TTM) zabit heyəti, müəllimlər və şagirdlər iştirak ediblər.
İlk öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Münsiflər heyətinin sədri «Şahin» komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edilib.
Tədbir çərçivəsində məktəblilərin hazırladığı hərbi yürüş nümayiş olunub. Yarışın sonunda yüksək nəticə göstərən qaliblər müəyyən edilib və mükafatlandırılıblar.






