Şəhid Aslanov Nurəddin Ağarəfi oğlunun ailəsinin yaşadığı ünvanda abadlıq işləri aparılıb.
Nəsimi rayonu Q.Quliyev küçəsi 8 ünvanda Qarabağ müharibəsi Şəhidi Aslanov Nurəddin Ağarəfi oğlunun xatirə lövhəsi yenidən qurularaq abadlıq işləri aparılmışdır. Ünvanda binanın giriş hissəsi təmir olunmuş, ətraf sahənin asfalt örtüyü yenilənmiş, səliqə səhman yaradılmış, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Şəhid Aslanov Nurəddin Ağarəfi oğlu 20 aprel, 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonu 15 saylı orta məktəbi bitirdikdən sonra,1992-ci ilin iyununda hərbi xidmətə çağırılmışdır.
Az bir müddətdə Nurəddin Aslanov hərbi işin sirlərinə bələd olur və o, kəşfiyyat üzrə komandirin müavini təyin edilir. Nurəddin Aslanovun kəşfiyyat dəstəsi ən çətin tapşırıqları layiqincə və tezliklə yerinə yetirirdi. Daha sonra o, hissənin kəşfiyyat üzrə komandiri təyin olunur.
Nurəddin Aslanovun erməni işğalçıları ilə son döyüşü 23 aprel 1994-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndinin sol cinahında oldu. Cəsur komandir Nurəddin Aslanov düşmən tankının mərmisinin hədəfinə tuş gəlir və şəhidlik zirvəsinə yüksəlir.
Şəhidin anası Hafizə Aslanova göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.