Şəhidlərimiz izdihamla dəfn olunur
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsinin başa çatmasından təxminən iki ilə yaxın vaxt ötür. Ötən dövrün reallıqları göstərir ki, Ermənistanın və onların təəssübünü çəkən siyasi mərkəzlərin də 44 günlük savaşın nəticələrini qəbul etməkdən savayı başqa yolları yoxdur.
Lakin bu gün hələ də Ermənistanda saxta erməni təfəkküründən çıxış edən qüvvələr öz saxta təxəyyüllərinin reallaşacağına inanırlar. Amma onlar hələ də dərk edə bilmirlər ki, Ermənistanın işğalçılıq siyasəti keçmişdə qalıb və bu bir də baş verməyəcək.
Azərbaycan bu gün öz hərbi qüdrətini 44 günlük müharibədən sonra daha da artırır, döyüş imkanlarını daha da genişləndirir. Odur ki, Azərbaycan, onun "dəmir yumruğ"u Ermənistandakı revanşistlərin niyyətlərini gözlərində qoyacaq. Müasir dövrün reallıqları göstərir ki, bütün proseslər savaşın qalibi olan Azərbaycanın maraqlarına uyğun gedir. Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasından ibarətdir.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibədən ağır məğlubiyyətlə çıxan və kapitulyasiya sənədinə imza atan Ermənistan yenə də öz məkrli niyyətlərindən əl çəkməyir. İşğalçı ölkə beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq bölgədə davamlı sülhün və birgəyaşayışın təmin olunmasına ciddi-cəhdlə mane olur.
Sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribatlar törətmişdir. Nəticədə Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib. Müzəffər ordumuz tərəfindən təxirəsalınmaz zəruri cavab tədbirləri görülərək düşmənə laiqli cavab verilib.
Təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini Azərbaycan xalqı ehtiramla yad edir, Respublikamızın ayrı-ayrı bölgələrində, o cümlədən Bakı şəhərində şəhidlərimizin izdihamlı dəfn mərasimləri keçirilir.
Keçirilən dəfn mərasimlərində Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Azərbaycan vətəndaşları əmindir ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız yeni-yeni zəfərlər əldə edəcəkdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin qanı yerdə qalmadı!