Şərəf simvolu
Dekabrın 12-si Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinin anım günüdür. Zaman ötdükcə Heydər Əliyevin yaratdığı irsin, onun ideyalarının dəyərini, bu şəxsiyyətin əzəmətini daha aydın anlayırıq. Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Heydər Əliyevin siyasi həyat yolu, fəaliyyəti tariximizin və xalqımızın yaddaşına əbədi həkk edilibdir.
Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə yazılmış əbədiyyət dastanıdır. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş Ulu Öndər Heydər Əliyev öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdiribdir. Ulu Öndərin anım günü ərəfəsində bu böyük dühanın Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə nəzər yetirməklə həm də onun xatirəsinə öz ehtiramımızı ifadə edirik.
Belə bir deyim var: əzəmət və ucalıq məsafədən daha yaxşı görünür. Çünki dahi şəxsiyyətlərin əsl qiymətini bilmək üçün ən ədalətli hakim olan zamana ehtiyac olur. Ulu Öndərin cismani yoxluğundan illər keçdikcə onun böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur və Heydər Əliyev dühasının Azərbaycan tarixindəki yeri və rolu, xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti yeni çalarlarla daha da zənginləşir.
Davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar.
Ölkəmiz düşünülmüş neft strategiyası ilə ümumən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə çevrilir. Müstəqil daxili və xarici siyasət yeridən ölkə rəhbərliyi milli maraqları layiqincə müdafiə edir.
Bu gün Azərbaycan böyük tikinti meydanını xatırladır. Yeni inşa edilən sosial infrastruktur obyektləri - təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerlərdə mədəni-intellektual səviyyəni yüksəldir, mənəvi iqlimi saflaşdırır. Üfüqdə sürətlə yeniləşən, iqtisadi uğurları, demokratik inkişaf səviyyəsi ilə dünya arenasında layiqli mövqeyini təmin edən qüdrətli və əzəmətli Azərbaycan görünür.
Şübhəsiz, bütün bu uğurların əsasında məhz siyasi lider amili dayanır. Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən çox şey - ilk növbədə onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Müstəqil respublikamızın hazırkı möhtəşəm nailiyyətləri məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasının nəticəsidir. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin yolunda həyatını qurban verməyə belə hazır olan Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Ümummilli Liderin əbədiyyətə qovuşmasından ötən 19 illik zaman kəsiyi bizə bu tarixin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə dərk etmək imkanı verir.
Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Bu gün biz ötən dövrlərin siyasi durumunu dərk etməyə çalışarkən başa düşürük ki, bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bü günü, sabahı görünür. Bu zirvə Heydər Əliyev simasında Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tariximizin yüksəldiyi zirvədir. Zaman-zaman yeniləşən nəsillər bu dahi şəxsiyyətin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində xalqın əsrlərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü azad ölkənin vətəndaşı kimi dərk etməsi kimi misilsiz tarixi prosesi əhatələyir.
Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalqın Ümummilli Liderinə çevrilməsini şərtləndirən əsas keyfiyyətlər onun çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi situasiyalarda milli təəssübkeşlikdən çıxış etməsi, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi göstərməsidir. Heydər Əliyevin tarixi xidmətlərindən söz açarkən ilk olaraq onun 53 il əvvəl Azərbaycanda başlatdığı inkişaf prosesləri yada düşür. 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin elə ilk günlərdən respublikanın və xalqın inkişafı istiqamətində fəaliyyətinin, atacağı addımların cizgiləri, istiqamətləri məlum idi. Bütün sahələrdə neqativ hallara son qoyulması, respublikanın iqtisadi potensialının hərəkətə gətirilməsi, səriştəli kadrların irəli çəkilməsi kimi vəzifələri müəyyən edən Heydər Əliyevin ölkəyə rəhbərliyi ilk vaxtlardan Azərbaycanda böyük iqtisadi inkişafa yol açdı. Ulu Öndərin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verdi.
Heydər Əliyevin ədalətə, qanunçuluğa tapınaraq respublikada əliəyriliyə, rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı kəskin mübarizəyə qalxması paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı, islahatlara meyilliliyi respublika ictimaiyyətində nikbinliyi, sabaha inamı artırdı. Böyük rəhbər onu da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Bu baxımdan Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirirdi, yəni paralel şəkildə həyata keçirirdi. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi əsaslara söykənir.
Ümummilli Lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə həyat amalının xalqa layiqli xidmətdən ibarət olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirməklə yanaşı, gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı. İrimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla, Azərbaycanda intibah mərhələsinin əsasını qoydu. Azərbaycanın gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürdü, respublikada strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin inşasına nail oldu. Həyata keçirdiyi səmərəli islahatlarla çox qısa zamanda - 1970-ci illərin ortalarında Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etdi.
Hər bir dövlətin mövcudluq tarixində ciddi sınaqlar qarşısında qalması, xalqın milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar çoxdur. Fəqət, ən çətin, ekstremal siyasi şəraitdə millətin iradəsini və istəklərini, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində dövlətlər öz varlığını davam etdirmiş, millətlər dirçəlmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.
Ümummilli Liderin diqqət çəkən idarəçilik keyfiyyətləri sırasında onun ən çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən ağır, mürəkkəb vəziyyətlərdə belə arxayın idi. Təkcə bu səbəbdən ki, baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan insanı əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəlşəxsiyyətin belə situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdı. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskarı kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı.
1993-cü ilin iyununda başlatdığı xilaskarlıq missiyasının nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Heydər Əliyevi özünün rəhbəri seçdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Sonrakı mərhələdə Ulu Öndərin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda uğurlu addımlar atıldı, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan hüquqi islahatlar həyata keçirildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüş təmin edildi.
Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu.
Ulu Öndər Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkdi. Onun dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli oldu.
Dahi şəxsiyyətin Azərbaycanda gördüyü nəhəng quruculuq işləri müstəqillik dönəminin ən böyük nailiyyətləri olmaqla, ölkə tarixinin müasir dövrü üçün silinməz izlər buraxdı. Ümummilli Lider respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə, azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi.
Bu mənada 1990-cı illərdə Heydər Əliyevin xilaskarlıq missiyasına sığınan Azərbaycan cəmiyyəti böyük liderin tarixi rolunu heç də təkcə ölkəni təhlükədən xilas etməkdə görmürdü. Xalq Azərbaycanın xilasını geniş planda, ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi situasiyanın yaradılması miqyasında nəzərdən keçirirdi. Başqa sözlə, Heydər Əliyevin xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatlar başa düşülürdü ki, bunlar Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməzliyini tarixi həqiqətə çevirmiş olsun. Buna görə Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi həm də müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl fəaliyyətin təntənəsi kimi qavranılır. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması Azərbaycanın gələcək sürətli inkişafının əsasının yaradılması demək idi.
Heydər Əliyev müasir, sivil, demokratik dəyərlərə sahib, azad, müstəqil yaşayan bir milləti dünyanın diqqətinə çatdırdı. Heydər Əliyev bütün bəşəri dəyərləri özündə əks etdirən, ən ali ənənələri yaşadan və modern yeniliklərə qovuşan, yeni dünya düzənində əhəmiyyətli yer tutan tam bir dövlət yaratdı.
Nəticə etibarilə indi Heydər Əliyev faktoru Azərbaycan dövləti və Azərbaycan xalqı ilə birlikdə vahid tam təşkil edir. Göründüyü kimi, müasir Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu Öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.
Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Ulu Öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi.
Meydana silahsız gələn bu insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, ölkəmizdə böyük neft erasının əsasını qoydu. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlu güclü dövlətçilik məktəbi də yaratdı. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətlərdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin mənafeyini praqmatik ağılla və zəngin təcrübəsi ilə dəqiqliklə hesablayan bir lider idi. Odur ki, Azərbaycan müstəqil siyasət yürütmə prinsiplərinin bərqərar olduğu güc mərkəzinə çevrilibdir. Dünya birliyində hörmət və ehtiram ünvanına çevrilən ölkəmiz beynəlxalq aləmdə dostluq, tərəfdaşlıq və qardaşlığın mühüm nümunəsi kimi tanınır və sözün əsl mənasında, tam müstəqil ölkə kimi nüfuz sahibidir. Dahilik intellektin fövqəladə böyüklüyüdür. Heydər Əliyev isə özünün qeyri-adi intellektini yalnız xalqa, dövlətə və Vətənə xidmətə həsr etdi. Ona görə də müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir.
Bu gün Ulu Öndərin milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla, Azərbaycanı iqtisadi, siyasi, sosial, humanitar inkişaf yoluna çıxarmışdır. Gündən-günə tərəqqi edən Azərbaycanın hansı guşəsinə baxsan, gözümüzün önündə Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımız üçün gördüyü möhtəşəm işlər canlanar.
Hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdırır, mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Ötən əsrdə xalqımızın yetirdiyi belə nadir şəxsiyyətlərdən birincisi olan Heydər Əliyev də müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan, istedadlı, praqmatik, rasional təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı - lider yetişdirmişdir.
Ötən 19 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamının parlaq təzahürüdür. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Ən əsası, Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycan dövlətinin qarantı missiyasını daşıyır. Bu göstərici Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf tempinə görə dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi enerji-kommunikasiya, nəqliyyat layihələrinin əsas iştirakçısı statusunda çıxış edən ölkəmiz Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürübdür. Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqqın, ədalətin zəfəri bugünün gerçəkliyidir.
Beləliklə, ötən 19 ildə Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.
Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevə minnətdardır. Xalqımız Ümummilli Liderə həm də ona görə minnətdardır ki, İlham Əliyev kimi lideri bizə bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün bütün dünya Azərbaycana qibtə edir, uğurlarımız, qələbələrimiz heyranlıqla qarşılanır. Xüsusilə 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.
Artıq iki ildir böyük qürurla bəhs etdiyimiz tarixi zəfərimiz və onun əsasında işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ümumiləşdirilmiş şəkildə qeyd etsək, ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir.
Minilliklər tariximizdə Prezident İlham Əliyev bir çox ilklərə imza atdığı kimi, bu savaşda da bir ilk yaratdı. Qazandığı qələbə ilə Prezident İlham Əliyev Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi, millətin başını uca etdi, özünə inam, güvən yaratdı, gələcək nəsillərə örnək verdi. 44 günlük müharibə nəticəsində Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik dövlət rəhbərliyi, planetar təfəkkürü, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində dünyanın hər bir yerində özünə güvənərək qalib millət kimi qürur hissi ilə addımlayır.
Azərbaycan yalnız hərb meydanında qələbə qazanmadı. Bu həm də Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatı üzərində tarixi qələbəsi oldu. Qazanılan qələbə Azərbaycan hərbi-sənaye kompleksinin, müasir texnologiyasının Ermənistan üzərində zəfəri idi. Bu, Azərbaycan hərb mütəxəssislərinin və azərbaycanlı zəkasının Ermənistan hərbi mütəxəssisləri və "aciz intellekti" üzərində parlaq qələbəsi oldu. Prezident İlham Əliyevin hakimiyyəti illərində formalaşdırdğı yaradıcı, dinamik, enerjili, yüksək milli ruhlu Azərbaycan cəmiyyətinin kin, küdurət, qısqanclıq hissləri içərisində boğulan və yaradıcılığın nə olduğunu bilməyən erməni cəmiyyəti üzərində öldürücü qələbəsidir. Bu qələbə xalq-iqtidar birliyinin Prezident İlham Əliyevin rəhbərliyi altında səmərəli və çevik dövlət idarəçilik sisteminin qələbəsidir.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan güclü Azərbaycan Respublikası dövlətini yeni şəraitə uyğun olaraq müasirləşdirərək qələbəni təmin etdi. Ən çətin və mürəkkəb şəraitdə bizi qələbəyə gətirən millət və dövlət birliyimizin baş memarı məhz Prezident İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti oldu. Millətimiz və dövlətimiz mövcud olduqca qalacaq bu böyük əsərin memarı Prezident İlham Əliyevdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, titanik işgüzar keyfiyyətləri, ən əsası isə, xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verən yeganə amildir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçəcək, Ulu Öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcəkdir.
Beləliklə, Azərbaycanda gedən inkişaf prosesləri bir reallığın obyektiv dərkidir ki, ölkənin daha da qüdrətlənməsinin, dövlətçiliyimizin, müstəqilliyimizin əbədiliyinin yolu məhz hər sahədə Heydər Əliyev kursunun davam etdirilməsindən, Ulu Öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir.
Respublikamızın ictimai həyatında yaxından iştirak edən, öz proqram və layihələri ilə İlham Əliyevin sosial siyasətinə böyük töhfələr verən, Azərbaycanı dünyada təbliğ edən Heydər Əliyev Fondunun amalı da məhz bu məqsədə - Heydər Əliyev ideyalarının yaşadılmasına xidmət etməkdir. Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fondun gördüyü işlər, həyata keçirdiyi bütün layihələrin hər biri cəmiyyətin, xalqımızın və nəticə etibarilə dövlətimizin mənafelərini layiqincə təmin edir.
Mehriban xanım Əliyevanın Heydər Əliyev irsinin qorunmasında və təbliğində, Ulu Öndərin dövlətçilik ideyalarının həyata keçirilməsində diqqətəlayiq xidmətləri var. Heydər Əliyev Fondu vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynamaqla yanaşı, elmin, mədəniyyətin, təhsilin inkişafına öz sanballı töhfələrini verir, müharibədən əziyyət çəkən, həmçinin aztəminatlı şəxslərin sosial problemlərinin həllində, tibbi xidmətlərə olan ehtiyaclarının ödənilməsində fəal iştirak edir. Azərbaycanın xarici siyasət strategiyasının reallaşmasında da fond özünəməxsus yer tutur: onun dünyanın müxtəlif ölkələrində icra etdiyi proqramlar və layihələr müstəqil dövlətimizə böyük nüfuz qazandırır, xalqımızın dostluq əlaqələrini möhkəmləndirir.
Bəli, Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin öz başlanğıcını Heydər Əliyevin ideyalarından götürdüyü bütün xalqımız, hər bir azərbaycanlı tərəfindən birmənalı olaraq qəbul edilir. Mənsub olduğu xalqın tarixi taleyinə məsuliyyəti öz üzərinə götürmək siyasi liderdən təkcə böyük hünər, cəsarət və müdriklik deyil, həm də dəqiq hədəflər və onlara çatmaq üçün mükəmməl fəaliyyət proqramı tələb edir. Müstəqil Azərbaycanın uğurları, nailiyyətləri Ulu Öndər Heydər Əliyevin məhz belə qüdrətli siyasi lider olduğunu sübuta yetirməklə, onun əziz xatirəsini və zəngin dövlətçilik irsini əbədiləşdirir. Öz xalqının önündə addımlamaq, onu ən çətin sınaqlardan keçirmək, gələcəyi üçün möhkəm bünövrə yaratmaq missiyasını şərəflə yerinə yetirən bu dahi şəxsiyyətin daim yaşayan və zənginləşən irsi tükənməz milli sərvətimizdir.
İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bu qoca dünyanın unikal və qədim sivilizasiya ərazilərindən olan Azərbaycanda bir ad daim yaşayacaq, hörmətlə, ehtiramla xatırlanacaq - Heydər Əliyev. Bu adın qarşısında saysız-hesabsız titullar, millət, xalq, Vətən qarşısında misilsiz və müstəsna xidmətlər dayanır - Azərbaycanın xilaskarı, müasir müstəqil dövlətçiliyin memarı və qurucusu, Ümummilli Lider, fenomen şəxsiyyət, Azərbaycanın və azərbaycanlıların şərəf simvolu...
Asif ƏSGƏROV