“Şuşa ili” çərçivəsində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirildi.
Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, dördqat Olimpiya çempionu Natali Rəcəbli və şagirdlər iştirak etdilər.
Tədbirdə azad olunmuş torpaqlarımız- Şuşa, Laçın, Füzuli, Ağdam, Kəlbəcər və Qubadlı rayonlarının tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini və mətbəxini əks etdirən sərgi nümayiş olundu, məktəbin 6 cı sinif şagirdlərinin hazırladıqları həmin rayonlar haqqında şer, mahnı və rəqslər tədbir iştirakçılarına xoş ovqat bağışladı.
Tədbirdə Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin direktoru Nigar Hənifəyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışdı.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar Nəsimi rayonu ümumtəhsil müəssisələrinin şagirdləri arasında şer müsabiqəsinə start verildiyini bildirdi. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.