Tarix yaradan dahi şəxsiyyət
Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Xalqın müqəddəratını düzgün həll etmək iqtidarında olan dühalar elə xalqın ömrü qədər də əbədiyyət qazanır, bütünlükdə, bəşər tarixində iz qoya bilirlər. Azərbaycan xalqının Ulu Öndəri, Azərbaycanın əbədilik rəmzi olan dahi Heydər Əliyev kimi...
Heydər Əliyevin dünyaya göz açdığı 10 may gününü hər il xalqımız milli təqvimin unudulmaz günü olaraq qeyd edir və bu, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyət olan Ulu Öndərə milyonlarla insanın qəlbindəki sonsuz sevginin və qədirbilənlik duyğusunun parlaq ifadəsidir. Bu əlamətdar gün Azərbaycan dövlətinə və xalqına əsl xidmətin nə demək olduğunu bir daha dərk etməyə imkan verən xüsusi əhəmiyyətli tarixi bir hadisədir. Bu il xalqımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü qeyd edir. Ölkəmizdə hər ilin bir sahəyə həsr edilməsi kimi gözəl bir ənənə formalaşıb. Ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il vətənimizdə "Heydər Əliyev İli" elan edilmişdir. 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi vətəndaşlarımız, ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. "Heydər Əliyev İli"nin təsis edilməsi, sərəncamdan irəli gələrək Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü bir daha təsdiqləyir.
Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür.
Bəli, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.
Bənzərsiz şəxsiyyət, böyük vətəndaş, Ulu Öndər. Bu üç fenomen keyfiyyətin daşıyıcısı, qüdrətli insan Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində oynadığı rol misilsizdir. XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir.
Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı dəyişməz qalır. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daim yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur.
Görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyev yeganə dahi şəxsiyyətdir ki, bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə: sovet rejimi zamanı (1969-1987), keçid dövrü (1987-1990) və müstəqillik illərində (1993-2003) eyni siyasi qətiyyətlə möhtəşəm siyasi uğurlara imza atmışdır. Ulu Öndər Heydər Əliyev siyasi müdriklik və düha ilə hələ sovet rejimi dövründə Azərbaycan xalqının müstəqil dövlətçilik konsepsiyasını formalaşdırmış, sonralar isə ilk tarixi fürsətdə elə özü də bu mühüm siyasi konsepsiyanı həyata keçirmişdir. Düz 35 illik bir epoxanın aparıcı şəxsiyyəti, nəhəng siması olan dahi öndərin böyük siyasətdə qət etdiyi çətin və şərəfli yol, siyasi iradə və obyektiv mövqe, atdığı qətiyyətli addımlar, Azərbaycan xalqı və dövlətçiliyinə bəxş etdiyi töhfələr əsl məktəbdir, Heydər Əliyev siyasi məktəbi...
Onun siyasəti nəticəsində əldə olunan möhtəşəm nailiyyətlər tariximizin parlaq səhifələridir. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətli inkişafında, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları çətin olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca bu nəhəng şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə gəlir.
Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr yada düşür.
Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1969-1987-ci illərdəki təkamülü, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və bacarıq, dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərin hər biri onun şəxsiyyətinin, siyasi müdrikliyinin miqyasını xalqımız üçün daha yaxşı aydınlaşdırmışdır.
Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 1960-cı illərin sonlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı.
Azərbaycanın və Azərbaycan xalqının taleyində Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası özünün ifadəsini təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsində deyil, həm də bu rəhbərliyin zəngin məzmuna malik olmasında tapır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, bəlkə də yeni tarix adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz haqqında söhbət gedən zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları, bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da, öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu, tam haqlı olaraq qədim və zəngin tariximizin müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi qiymətləndirilə bilər.
Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişmiş, bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlanmışdır. Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar tikilmiş, nəhəng yaşayış massivləri salınmış, bir çox sosial layihələr həyata keçirilmişdir.
Heydər Əliyevin coşqun fəaliyyəti sayəsində Azərbaycan istər sosial-iqtisadi, istərsə də mədəni-humanitar sahələrdə keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında öncül mövqeyə çıxmışdı. Bu tarixi faktın özü bizim hazırkı müstəqilliyimizin 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən yaradılan iqtisadi və mənəvi potensialdan qaynaqlandığını göstərir. Siyasətşünaslar bu illəri haqlı olaraq Azərbaycanın dirçəliş və yüksəliş dövrü kimi səciyyələndirirlər.
Hələ sovet dövründə Heydər Əliyevin keçmiş ittifaq və dünya miqyasında qazandığı hörmət və şöhrət Azərbaycan xalqı üçün misilsiz iftixar mənbəyi idi. Heydər Əliyev insanları xariqələr yaratmağa ruhlandıran əsl lider, neqativ hallara qarşı qətiyyətlə mübarizə aparan cəsarətli rəhbər, haqq-ədalət carçısı kimi tanınır və sevilirdi.
Siyasət aləminin patriarxı Heydər Əliyev Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü seçilir. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunur. Azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması qürurverici hadisə idi. Xalqın liderinin onun hüdudlarından kənarda tanınması və etiraf olunması qədər məfkurəyə və milli düşüncəyə emosional səviyyədə müsbət təsir göstərən digər amil təsəvvür etmək çətindir. Heydər Əliyevin dünyanın iki super dövlətlərindən birinin rəhbərlərindən olması gerçəkliyini dərk etmək özü-özlüyündə milli-birləşdirici amil kimi məfkurə daşıyıcısı rolunu yerinə yetirirdi.
Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycanın xeyrinə işləyə bilərdi: onun bir əli Vətənin üstündə olacaqdı. İnsanlar bu düşüncələrində yanılmadılar. Heydər Əliyev ittifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.
Əgər 1969-1987-ci illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməz reallıqla bağlıdırsa, Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halına və deməli, yeni tarixi mərhələyə daxil olması da, artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə birbaşa əlaqədardır.
Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm qayıdışı Azərbaycan tarixində həlledici rol oynadı. Heydər Əliyev öz dönüşü ilə dövlətimizi və xalqımızı xilas etdi. Ulu Öndər həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Bu tarixi dönüş olmasaydı, bəlkə bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı unikal siyasi taktikalarla etibarlı şəkildə alınmışdır. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, stabillik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması həm də Azərbaycanın müstəqilliyini möhkəmləndirən əsasların yaradılması demək idi.
Müstəqil Azərbaycan dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl layihələrin təntənəsi həm də Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi kimi qavranılır.
Artıq hər bir cəmiyyət üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Çünki dövlətimizin idarəçilik sükanının arxasında dahi Heydər Əliyev dayanırdı. Azərbaycan Respublikasında çevik, mütərəqqi və demokratik elementlərlə zəngin idarəetmənin əsasını qoymaqla, Ulu Öndər Heydər Əliyev həm də unikal hərtərəfli inkişafa, möhkəm dövlətçiliyə sarsılmaz zəmin hazırladı. Məhz Ulu Öndərin hazırladığı bu zəmin əsasında Azərbaycan öz inkişafının ən uca məqamlarını davamlı olaraq fəth edir, regional güc və təhlükəsizlik mərkəzinə çevrilir. Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin qorunub saxlanılması, ona istinad edilməsi qlobal müstəvidə Azərbaycan Respublikasının nüfuzunun, şöhrətinin və etibarının durmadan artmasını şərtləndirdi...
Heydər Əliyevin xilaskarlıq missiyası onun Azərbaycanın taleyində uğurla yerinə yetirdiyi digər tarixi vəzifə - quruculuq missiyası ilə qoşa addımlamışdır. Əslində, bunların hər ikisi müəyyən tarixi mərhələdə Heydər Əliyev şəxsiyyətinin miqyasının ifadəsi kimi çıxış etmiş, ölkənin həm mövcudluğunun, həm də inkişafının təminatı vəzifəsini yerinə yetirmişdir.
Heydər Əliyev epoxası zəngin və çoxəsrlik Azərbaycan tarixində müstəsna yer tutur. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkənin hüdudlarını aşaraq, dünyada gedən qlobal proseslərə də öz təsirini göstərirdi. Buna görədir ki, o, ənənəvi və müasir, novator keyfiyyətlərin ideal sintezinə nail olmuş, bu dəyərlərin varisliyini təmin etmişdir. Xalqın rəğbətinin ən ali məqamına - Ulu Öndər səviyyəsinə yüksəlmək məhz bunların sayəsində mümkün olmuşdur.
Xalqımızın Ulu Öndəri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Dünyadakı hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan adlı məkanda da reallaşdı.
Heydər Əliyevin sayəsində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq tariximizdə ilk dəfə baş verdi və bu, əbədi proses olacaqdır.
İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaqdır. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.
Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdikləri, nəzəri ifadə etdiyi, praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər araşdırılacaq və hər dəfə də yeni bir incəlik tapılacaqdır. Bu proses sonsuzdur...
Çox illər keçəcək, lakin çiçəklənən ölkəmizin vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Heydər Əliyev irsi bu gün də Azərbaycanı yaşadır, inkişaf etdirir.
İndi ölkəmizdə Heydər Əliyevin müstəqil dövlətçilik təlimi, Heydər Əliyevin siyasi kursu və Heydər Əliyev fəlsəfəsi dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə yaradıcı şəkildə həyata keçirilir. Beləliklə, möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur. Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış müasir Azərbaycan artıq daha yüksək zirvələri fəth etməkdə, dünyanın qüdrətli dövlətlərindən biri kimi tanınmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır.
Möhtərəm Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət bir daha sübut edir ki, Ulu Öndərin qətiyyətli səyləri nəticəsində müstəqilliyi tam təmin olunan ölkəmiz durmadan inkişaf edir və qüdrətli dövlətə çevrilir.
Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin etibarlı qoruyucusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi unikal mövcud olma və inkişaf strategiyasını dinamik dəyişən zamanın tələblərinə uyğun elementlərlə zənginləşdirməklə davam etdirərək, ölkəmizi inamla irəli aparır. Azərbaycan cəmiyyətində və bütün dünyada Prezident İlham Əliyevin intellektual-yaradıcı lider obrazı artıq formalaşmış və möhkəmlənmişdir. Dövlət başçısının ictimai şüurdakı yüksək intellekli, qurucu, ədalətli, çevik idarəçilik bacarığına və böyük iradəyə malik lider obrazı hər ötən gün daha da möhkəmlənməkdədir. Onun atdığı hər bir addım, verdiyi hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin olunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə və iqtisadi tərəqqinin davamlılığına hesablanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilmiş, iqtisadi, siyasi və sosial sahədə islahatlar paralel şəkildə aparılmışdır.
Vətən müharibəsində qazanılan böyük qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir. Qələbə sevincimiz, Zəfər Günümüz çoxəsrlik tariximizin ən yaddaqalan səhifəsi kimi tariximizə yazılmışdır.
Prezident İlham Əliyevin "güclü dövlət" konsepsiyasının əsasını iqtisadi, siyasi və hərbi güc təşkil edirdi ki, məhz onların vəhdəti nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsində qalib olduq. Vətən müharibəsi Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçkiləri zamanı xalqa verdiyi vədlərin real həyatda öz təsdiqini tapmasıdır. Bu, həm də Heydər Əliyev yoludur və bu yolun uğuru ondadır ki, onu İlham Əliyev kimi təcrübəli dövlət xadimi gedir. 1993-cü ildə Azərbaycan dərin böhranlar içərisində dağılmaq və məhv olmaq təhlükəsi ilə üzləşəndə Heydər Əliyev Vətən üçün hansı missiya ilə canını fəda edirdisə, indi həmin missiyanı Prezident İlham Əliyev uğurla yerinə yetirir. Ona görə də bu gün qüruru kədərindən böyük olan xalqımızın düşmənlə döyüşdə göstərdiyi misilsiz qəhrəmanlıq heç vaxt unudulmayacaq. Bu, öz hüququnu, mənliyini heç nəyə qurban verməyən, ədalətsizliklə heç vaxt barışmayan, öz torpağını namusu qədər müqəddəs bilən bir millətin şərəf məsələsi idi.
Artıq həyatımızda yeni dövr başlayıb. Bu dövrün özünəməxsus özəllikləri var. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görürük. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunur. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf edib, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşıbdır. Onlar görürlər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən, "Qarabağ Azərbaycandır!" kəlməsini Azərbaycan tarixinə əbədi həkk edən Lideri var. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin uğurlu gələcəyinin təminatıdır.
Böyük məqsədlərini reallaşdırmaq yolunda uğurları ilə dünya miqyasında tanınmış İlham Əliyevin yanında isə hər zaman istər ictimai, istərsə də siyasi fəaliyyətində daim Heydər Əliyev amallarını yaşadan, doğruldan, təbliğ edən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva var. Mehriban Əliyeva Ulu Öndərin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edir, həm də onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirir. Dövlət quruculuğu prosesində müxtəlif layihələri, təklifləri, təşəbbüsləri ilə ümumi işin gedişinə böyük təkan verir. Ölkə həyatının bütün sahələrində irəli sürdüyü uğurlu təşəbbüslər, həyata keçirdiyi proseslər cəmiyyətdə onun müsbət imicini formalaşdıraraq, nəticə etibarilə İlham Əliyevin siyasi nüfuzunun daha da yüksəlməsinə əməli töhfə verir. Mehriban xanım indiyədək məsul olduğu bütün işlərdə peşəkarlıq, bacarıq nümayiş etdirib və onların hamısını uğurla yekunlaşdırıb. O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan üçün çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb. Mehriban xanımın fəaliyyəti, əməlləri yüz minlərlə insanın Heydər Əliyev kursu və İlham Əliyev missiyası ətrafında birləşməsinə, səfərbər olmasına əsaslı təminat yaradır. Bu, Vətən müharibəsi zamanı da belə idi, indi də belədir. Vətən müharibəsi vaxtı Mehriban xanım Əliyeva təkcə qələbəyə ruhlandıran çağırışları ilə deyil, əməlləri ilə də savaşda həyat yoldaşının və xalqının, ölkəsinin yanında durduğunu, dövlət xadimi, ictimai xadim, ana və məsuliyyətli vətəndaş olduğunu göstərdi. Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunan rayonlara səfər etməsi və müharibədən sonrakı bütün gördüyü işlər, göstərdiyi həssaslıqlar da bunu təsdiqləyən faktlardır.
Bəli, torpaqlar işğalçılardan təmizlənib. Azərbaycanın bu ərazilərində yeni yollar, elektrik xətləri çəkilir, torpaqlar şumlanır, kənd təsərrüfatı dirçəlir, abidələrimiz bərpa edilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu birbaşa onun göstərişləri, tapşırıqları və nəzarəti altında Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihələrə başlayıb. Layihə çərçivəsində bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.
İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı möcüzələr daha aydın görünəcəkdir. Müdriklik zirvəsinə qalxmaq hər insana nəsib olmur. Uzaqgörənliyi və müdrikliyi ilə xalqı, Vətəni və dövləti üçün çalışan, bu yolda əməyini əsirgəməyən dahi şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə Liderlik simvolu olaraq həkk olundu.
Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi Ulu Öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti - müstəqil Azərbaycanı miras qoydu. Bu gün dahi öndərimiz aramızda olmasa da, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır. Çünki Vətənini, dövlətini sevən hər bir azərbaycanlının qəlbinin guşəsində Heydər Əliyev adlı düha yaşayır, əbədi və ölməz Heydər Əliyev dühası...
Asif ƏSGƏROV,
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı