Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix yaradan şəxsiyyət

10 may 2024 | 10:55

Bu günlərdə xalqımız müasir Azərbaycan dövlətçiliyinin banisi, dünyanın seçilmiş insanlarından biri, unudulmaz şəxsiyyət Heydər Əliyevin 101 illiyini qeyd edir. Ulu Öndərin başlatdığı nəhəng işlərin, qazanılan nailiyyətlərin hər birində onun varlığını hiss edirik. Bu hiss Heydər Əliyevin Azərbaycanın bu günündən şad ruhunu bütün qəlbi ilə duyan hər bir insanın daşımalı olduğu əbədi bir vəzifəni - Ulu Öndər ideyalarına sadiqlik vəzifəsini müəyyənləşdirir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir simasıdır. Heydər Əliyev ölkəsinin inkişafı və xalqımızın taleyi baxımından böyük tarix yaratmış görkəmli tarixi şəxsiyyətdir. Heydər Əliyev tarixin ən çətin və məsuliyyətli zamanlarında da tarix yaratmağın əsl nümunəsini göstərmişdir. Böyük dövlət xadimi Heydər Əliyevdə tarixi şəxsiyyətlər üçün zəruri olan bütün keyfiyyətlər cəmləşmişdir. Möhkəm siyasi iradə, aydın dövlətçilik mövqeyi və ümummilli mənafe bu böyük tarixi şəxsiyyətin həyatının və mübarizəsinin əsas istiqamətlərini müəyyən etmişdir. Tərcümeyi-halının bütün mərhələlərində Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət idi. Bu düşünülmüş, əqidə kimi qəbul edilmiş ümummilli mövqe və müstəqil dövlətçilik strategiyası Heydər Əliyev tərəfindən seçilmiş məqsədyönlü taktika ilə dönmədən həyata keçirilmişdir. 

Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz Ümummilli Lider Heydər Əliyevin üzərinə düşmüşdür. O, özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaratmışdır. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir anında xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər şeyi, çoxlarına əlçatmaz görünən arzuları belə gerçəkləşdirmişdir.

Qəhrəmanlığın, hünərin ən möhtəşəmi Vətən naminə edildiyindən, dahi rəhbərimiz Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətləri Vətən və dövlət, millət və xalq naminə göstərilən bütün fədakarlıqların fövqündə dayanır.

Ulu Öndər Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir. Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, "dövlət-vətəndaş" birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə eyni missiyanın, bir-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.

Hakimiyyətdə olduğu 34 il müddətində dahi öndər xalqının tarixi mənafeləri uğrunda əzmkar mübarizə aparmış və ictimai-siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir. Azərbaycan ictimai təfəkküründə əsrlər boyu aktuallığını qoruyub saxlayan ədalətli rəhbər arzusu da Heydər Əliyev dühasının parlaq şəxsiyyətində reallığa qovuşmuş, Ümummilli Lider siyasi fəaliyyətinin bütün mərhələlərində humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan mükəmməl idarəçilik sisteminin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dərin zəkası, liderlik qabiliyyəti, milli dəyərlərə sıx bağlılığı, fitri idarəçilik məharəti, zəngin mənəviyyatı ilə daim xalqının sevimli şəxsiyyəti olmuş Ulu Öndər bu zirvəyə həm də hakimiyyət sükanının arxasına keçdiyi ilk gündən qanunsuzluğa, ədalətsizliyə və özbaşınalığa qarşı apardığı prinsipial mübarizə ilə yüksəlmişdir.

 Hələ 1969-cu il iyulun 14-də Azərbaycanda rəhbərliyə başlayan Heydər Əliyev respublikada qanunçuluğun gücləndirilməsinə başlamışdır. Bu mərhələdən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir. Müstəqil Azərbaycanın 32 ildən çox müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar da Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. Ulu Öndər Heydər Əliyev bu gün həm də keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını işləyib həyata keçirmiş lider kimi ehtiramla xatırlanır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmış, tarix böyük strateqin bu statusunu bütün mərhələlərdə qorumuşdur. 

1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, sənaye müəssisələri fəaliyyətə başlamışdır. Respublikaya birinci rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyev qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirmiş, bununla da respublika regionlarının tarazlı qaydada inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, demoqrafik inkişafa, kənd və qəsəbələrin sosial-mədəni simasının müasirləşməsinə dair strateji məqsədlərini ardıcıllıqla həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev o dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni belə reallığa çevirmişdir.

Ümumiyyətlə, dünyanın böyük şəxsiyyətləri həmişə adi insanların yaşadığı həyat tərzinin fövqündə dururlar. Ulu Öndər insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi idi. Hərəkətləri sadə olsa da, bunun arxasında həmişə böyük məna durardı. Ulu Öndər böyük ideyaya malik idi. Atdığı addımlar, yürütdüyü siyasət, istifadə etdiyi diplomatik üsullar onun uzaqgörənliyini, strateji təfəkkürə sahib olduğunu təsdiq edirdi. Beynəlxalq müstəvidə dünya liderləri də Heydər Əliyevi zəmanəni qabaqlayan dünya miqyaslı dövlət xadimi kimi qəbul edirdilər.

Gələcək müstəqilliyə etibarlı zəmin idarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə müasirləşdirib. Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri, böyük vətənpərvərliyi ötən əsrin 70-ci illərindən etibarən milli ideyanın yüksəlişinin təmin edilməsində misilsiz rol oynayıb. 

1982-ci ilin dekabrında Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilməsi onun böyüklüyünün və müdrikliyinin ittifaq rəhbərliyi səviyyəsində etirafı olmuşdur. Ümummilli Liderin səlahiyyət dairəsinə nəqliyyatdan sənayeyə, neftdən sosial infrastrukturadək iqtisadiyyatın ən önəmli sahələri, həmçinin mədəniyyət, Yaxın Şərq diplomatiyası kimi olduqca vacib istiqamətlər aid idi. Bu dövrdə Heydər Əliyev ittifaq miqyasında, ən əsası isə xaricdə görkəmli dövlət xadimi, qurucu lider, birləşdirici siyasətçi kimi tanınmış və qəbul edilmişdi. Beş il ərzində Heydər Əliyev Azərbaycanda gedən ictimai-siyasi və mədəni prosesləri uzaq Moskvadan müşahidə etsə də, eyni zamanda vətənə gələrək insanlarla görüşmüş, respublikanın daxili həyatı haqqında daha səhih məlumatlar almağa çalışmışdır. 

1969-1987-ci illər, yəni Heydər Əliyev dövrü necə böyük uğurlarla, möhtəşəm quruculuqla müşayiət olundusa, 1987-1992-cü illər - Heydər Əliyevin rəhbərlikdə olmadığı müddət böyük faciələrlə, itkilərlə, böhranlarla keçdi. Biz Heydər Əliyevsizliyin necə böyük məşəqqətlərə rəvac verdiyini yüzlərlə acı faktın timsalında aydın hiss etdik. Tarix boyu böyük siyasi liderlər üçün səciyyəvi keyfiyyətlərdən biri də onların xalq və dövlət üçün ən böhranlı, çətin sınaq anlarında məsuliyyəti çiyinlərinə götürmələri, bütöv bir xalqın, millətin xilaskarına çevrilmələri olmuşdur. Bu mənada, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin idarəçilik keyfiyyətləri sırasında onun ən çətin, millətin taleyi baxımından məsuliyyətli zamanlarda düzgün qərarlar qəbul etmək məharətini xüsusi qeyd etmək lazımdır. 

Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasından cəmi 2 il sonra - 1993-cü ildə çətin sınaqlarla üz-üzə qalanda xalqın yeganə xilaskarı kimi Ulu Öndər Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də bu gerçəklikdən qaynaqlanmışdır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. Ulu Öndər ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını təmin etmişdir. 

Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatların aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış, 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirilmişdir. 
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız demokratiya və azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda siyasi sistemin modernləşdirilməsinə, vətəndaşların hüquq və vəzifələrinin sərhədlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinə, hakimiyyət bölgüsü prinsipinin tam şəkildə bərqərar olmasına imkan yaratmışdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu ideyasının təməl prinsiplərini özündə ehtiva edən bu Konstitusiya ötən müddətdə ictimai münasibətlərin sivil şəkildə tənzimlənməsinə, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət və vəzifələrin müəyyənləşdirilməsinə mükəmməl mexanizmlər yaratmışdır. 

Heydər Əliyev fenomeni təkcə dünənin fakt və hadisələrini özündə ehtiva etməklə məhdudlaşmır, həm də Azərbaycandakı bu günün inkişaf proseslərini istiqamətləndirən, bu proseslərə təkan verən mühüm siyasi-ideoloji amil kimi çıxış edir. Tarixi təcrübə sübut edir ki, cahanşümul fəaliyyət nəticəsində zamanın mənzərəsini dəyişməyə qabil olmuş böyük dövlət adamlarının xalq, dövlət mənafeyi naminə gördükləri işlərin onların cismani yoxluğundan sonrakı dövrdə də davam etdirilməsi üçün zəruri əsaslar formalaşdırmaları o şəxsiyyətlərin xalqa, dövlətə göstərdikləri bütün xidmətlər qədər önəmlidir.

Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın uğurlu inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toparlayır. Həm də onunla qürur duyuruq ki, Ümummilli Liderin İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Azərbaycan xalqına son müraciətində Ulu Öndər İlham Əliyev haqqında "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikrini səsləndirməklə həm layiqli varis yetirdiyinin müjdəsini xalqa verir, həm də vətəndaşlarının da bu rəydə olduğunu ifadə edirdi. Fəaliyyətə "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" məramı ilə başlayan dövlət başçısı son 20 ildə əsas məqsədinin məhz real iş - konkret fəaliyyət olduğunu əməli surətdə təsdiqləmiş, verdiyi bütün vədləri layiqincə doğrultmuşdur. Ölkəyə rəhbərlik etdiyi dövrdə qəbul olunan fundamental qərarlar, imzaladığı sərəncamlar dövlət başçısı İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbərliyini şərtləndirmişdir. Respublikamızın beynəlxalq hesabatlarda da inkişaf etməkdə olan ölkələri geridə qoyması ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi sürətli, məqsədyönlü və inklüziv iqtisadi islahatlara beynəlxalq qiymətdir. Bu islahatların uğurla reallaşdırılmasına Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva da layiqli töhfələrini verir.  Mehriban xanım Əliyeva insan amilini hər zaman uca tutmuş, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərin möhkəm əsaslarla intişar tapmasına çalışmışdır. Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri-mümkündür. Bu mənada, Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına  nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafı görmək, duymaq elə də çətin deyil. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi  keyfiyyətlərdən irəli gələn əzmkar və genişmiqyaslı fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Mehriban xanım həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. "Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam" -  Mehriban xanımın həyat fəlsəfəsinin əsasını bu fikirlər təşkil edir. Onun bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində - insan amili dayanır.

Mehriban xanım  Heydər Əliyev Fondunu yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimizin və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir.  Fondun qarşıya qoyduğu məqsəd demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş layihələr, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdu. Heydər Əliyev Fondu məhz milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı olması ilə qüdrətlidir. Mehriban Əliyevanın fondun rəhbəri kimi, ən böyük məqsədi də Heydər Əliyev irsinin bir məktəb kimi yeni nəslə öyrədilməsi, təbliğ olunmasıdır. Mehriban Əliyeva onun ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlərimizi özünün həyat tərzində, əxlaqında və düşüncəsində yaşadaraq Ulu Öndərin yolunu ləyaqətlə davam etdirir. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yoldur. Bu, Ulu Öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davamı olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin ən doğru yoludur.  Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir.

İslahatlarla bağlı Azərbaycan Prezidentinə ən böyük dəstək həm də xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin icrasına ümumxalq dəstəyini hər an izləyirik. Bu gün Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Xalqımız Azərbaycanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz Prezidentinə dəstəyini əsirgəmir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanın parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə razılıqla qarşılayır.

Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir. Bu gün Azərbaycanın dünyadakı mövqeyinə, dəst-xətinə baxanda bir daha əmin olursan ki, Heydər Əliyev möcüzə yaratmış şəxsiyyətdir, möcüzələr memarıdır. O möcüzələrin ki, azərbaycanlını yenidən dövləti olan xalq statusuna qaldırdı. O möcüzələrin ki, bir toplumu dövlətçilik təfəkkürünə köklədi. Bəli, Heydər Əliyev Azərbaycanı Azərbaycan edəndir.

 Heydər Əliyev şəxsiyyəti məfkurədir, ideyadır, qətiyyətdir, əzmdir, iradədir. Bunun təsdiqi baxımından kifayət qədər təkrarsız və bənzərsiz nümunələr var. O nümunələr yaşadığımız tarixin də ayrılmaz tərkib hissəsi kimi özünü təsdiqləmiş, vətəndaşlıq hüququ qazanmış təbiətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə Şuşanın azad olunması münasibətilə xalqa müraciətindəki bu fikirlər: "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!" - bunun real təsdiqidir.

Bəli, Heydər Əliyevin torpaqlarımızın düşmən tapdağından xilas edilməsi yolundakı dönməzliyi, prinsipiallığı nəticəsini verdi. Qarabağ məsələsinin dərinliklərini, siyasi labirintlərini nəzərdən keçirəndə, görürük ki, ortada insanı heyrətə gətirən nəticə var. Qürur duyuruq, fəxarət hissi keçiririk ki, xalqımızın Heydər Əliyev kimi stereotipləri sındıran, tarixi dəyişdirən, axına qarşı çıxa bilən mərd övladı, son dərəcə dərin siması, dünya dövlətləri içərisində özünəməxsus aydın mövqeyi və möhkəm siyasi iradəsi, konkret dövlətçilik strategiyası və taktikası olan beynəlxalq səviyyədə həm də qlobal baxışları ilə səciyyələndirilən İlham Əliyev kimi qüdrətli lideri var.

Qarabağın Azərbaycana qayıtması sıradan hadisə sayıla bilməzdi. Qarabağı və digər işğal edilmiş torpaqlarımızı bizə qovuşduran təpər və cəsarət illərdən bəri aparılmış düşünülmüş siyasətin son dərəcə parlaq akkordu idi. O siyasətin ki, təməlini Heydər Əliyevdən götürmüşdü.

Prezident İlham Əliyev məhz bu ideyanı müqəddəs məfkurəyə çevirdi. 
Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin mövqeyini heç nə ilə dəyişməyən, əksinə, hər dəfə inkişaf etdirib möhkəmləndirən görkəmli dövlət xadimidir. Azərbaycan Respublikasını bütün istiqamətlər üzrə inkişaf etdirilərək dünyanın böyük dövlətlərinin orbitinə gətirib çıxarmaq İlham Əliyevin siyasi iradəsinin möhtəşəm yekunudur. Bu gün dünya dövlətləri arasında müstəqil Azərbaycan Respublikasının, ölkələrin və xalqların cərgəsində isə Azərbaycan xalqının yerinin, nüfuzunun, sözünün qüvvətləndirilməsi Prezident İlham Əliyevin aydın siyasi mövqeyi ilə möhkəm iradəsinin mühüm yekunudur. Azərbaycan Respublikasının müstəqillik tarixi ərzində bütün məqamlarda dövlət rəhbəri ilə daim həmrəylik nümayiş etdirməsi artıq Azərbaycan xalqının mövqeyinin ifadəsidir. Bu məqamda xalqını və dövlətini inkişaf etdirmək üçün var qüvvəsi ilə çalışaraq böyük nailiyyətlərə imza atmış Prezident İlham Əliyevin mövqeyi ilə onu ürəkdən dəstəkləyən xalqın mövqeyi üst-üstə düşür və vəhdət təşkil edir. Azərbaycan dövlətçiliyini çətin sınaqlardan çıxarmış Heydər Əliyevin mövqeyi Prezident İlham Əliyevin ölkə daxilində və beynəlxalq aləmdə nümayiş etdirdiyi aydın siyasi mövqe və möhkəm iradə ilə birlikdə xalqımıza və ölkəmizə böyük nüfuz qazandırır, daha geniş üfüqlərə doğru addımlamaqda güc və qüvvət verir.

Heydər Əliyevin canından artıq sevdiyi Azərbaycan ərazi bütövlüyünə qovuşub. "Qarabağ Azərbaycandır!" şüarıyla döyüşlərə atılmış və qələbə qazanmış xalqın önündə yeni yollar açılıb. Üfüq kimi yollar və bu üfüqdə Azərbaycan adlı daha parlaq günəş var! O günəş dayanmadan işıq saçır, aləmi nura boyayır! O günəş Azərbaycan dövlətinin əbədiyyət simvoludur! Üfüqdəki Azərbaycan günəşinin varlığına görədir ki, Heydər Əliyevin ruhu da şaddır! Ruhun hər zaman şad olsun, dahi şəxsiyyət! Daim qəlbimizdəsən!

 

Asif Əsgərov,

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər