Təhsildən yayınma hallarının qarşısının alınması məqsədi ilə ümumtəhsil məktəblərində görüşlər təşkil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” və “Yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması” mövzusunda rayonun ümumtəhsil məktəblərində maarifləndirici görüşlər keçirilmişdir. Görüşlərdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, rayonun təhsil müəssisələrinin rəhbərləri, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Görüş zamanı bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunmuşdur ki, Nəsimi rayonunda uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə mütəmadi görüşlər həyata keçirilir. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.
Keçirilən görüşlər zamanı məktəb rəhbərlərinin məlumatına əsasən I-XI sinifləri üzrə dərsə davamiyyəti zəif olan şagirdlərin valideyninə xəbərdarlıq məktubları göndərilir, valideynlər tərəfindən məktəbə təqdim edilən arayış və izahatlar qeydiyyata alınır. Bir çox şagirdin davamiyyəti bərpa edilir, irəliləyiş müşahidə olunmayan şagirdlər barəsində isə müvafiq qurumlara müraciət hazırlanır. Şagird və valideynlərlə müvafiq izahedici söhbətlər aparılır. Xüsusən yuxarı sinif şagirdləri ilə görüşlər keçirilərək sinif rəhbərlərinə dərsə davamiyyətlə bağlı valideyn iclaslarının təşkil olunması tapşırılır.
Eyni zamanda Cəmiyyətin perspektiv inkişafının sosial ehtiyatını gənc nəsil təşkil etdiyi üçün onların hüquqlarının müdafiə olunması vacib olduğu kimi, onlar tərəfindən törədilən hüquqpozmaların öyrənilməsi zamanı qarşılıqlı əlaqədə olan sosial-demoqrafik və psixoloji xüsusiyyətlərin kompleks şəkildə tədqiq edilməsi də məqsədəuyğundur. Bu xüsusiyyətlərin tədqiqi yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların səbəb və şəraitinin, həmçinin onlara qarşı tətbiq ediləcək profilaktiki tədbirlərin dairəsinin müəyyən edilməsinə kömək edir.
Belə ki, yetkinlik yaşına çatmayanlarla yanaşı, həm də sosial təhlükəli vəziyyətdə olan ailələrlə (yetkinlik yaşına catmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və onların davranışına mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailə) davranışına nəzarət olunmayan uşaqlar və ya hüquq pozuntusu törədən yetkinlik yaşına çatmayanlarla fərdi və ümumi profilaktik tədbirlər həyata keçirilir.
İnteraktiv formatda davam edən görüşlər zamanı şagirdlərlə maarifləndirici söhbətlər aparılaraq onların dərsdən yayınmasına səbəb olan bir sıra problemlərin həlli istiqamətində təkliflər irəli sürülmüş, şagirdlərin təhsilə cəlb edilməsi istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.