Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş yaz debat turniri keçirilib.
Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Gənclər və İdman İdarəsi, "Vətəndaş Cəmiyyətində Debat" İctima Birliyi və Azərbaycan Dillər Universiteti Debat klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş yaz debat turniri keçirilib.
Turnirin açılış mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Bəybala Quliyev, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Məftun Quluzadə, Azərbaycan Dillər Universitetinin tələbələri iştirak ediblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Bəybala Quliyev qeyd etmişdir ki, ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
Çıxışdan sonra turnirə start verilib.
İki gün davam edən turnir sonda qalib komanda üzvlərinin Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmasıyla yekunlaşmışdır.