Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu öndərin ölkəmizin inkişafına işıq salan ideyaları daim yaşayacaq” mövzusunda tədbir keçirilib.
Azərbaycan Tibb Universitetində xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Tədbiri açan Yeni Azərbaycan Partiyasının Nəsimi rayonu üzrə Abbasqulu Bakıxanov küçəsi. 23 üzrə (Azərbaycan Tibb Universiteti) ərazi partiya təşkilatının sədri, universitetin Müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev Ulu öndərin şərəfli ömür yolundan bəhs edərək bildirib ki, bu gün tariximizdə onun silinməz izi var: “Onun qoyduğu izlər bu gün də aktualdır. Azərbaycan tarixinə Ulu öndərin ilk gəlişi 1969-cu ildə baş verib və demək olar ki, bütün sahələr üzrə geridə qalmış bir aqrar ölkəni inkişaf etmiş sənaye respublikasına çevirib. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan hakimiyyətinə ikinci dəfə gəlişi zamanı isə ölkədə ağır şərait hökm sürürdü. Həmin zamanlar Ümummilli liderimiz ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət konsepsiyasını uğurla həyata keçirmişdir. Ulu öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlmişdi”.
Sözünə davam edən natiq dövlətçiliyimizin qorunub saxlanması istiqamətində Heydər Əliyevin göstərdiyi gərgin siyasi fəaliyyətdən söhbət açıb. O, Ulu öndərin Vətən və millət üçün genişmiqyaslı işlər gördüyünü bir daha xatırladıb, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onun müstəsna xidmətlərini qeyd edib: “Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, bir milyon soydaşımızın qaçqın düşməsi Ulu öndəri ən çox narahat edən məsələ idi və o hələ 25-30 il öncə deyirdi ki, biz mütləq Qarabağı geri qaytaracağıq. Əgər bu problem sülh yolu ilə həll olunmasa, müharibə ilə işğaldan azad edəcəyik. Onun bu arzusunu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev 44 günlük II Qarabağ müharibəsi ilə reallaşdırdı. İllər ötəcək, lakin Heydər Əliyevin dahi siyasətçi kimi əziz xatirəsi daim könüllərimizdə yaşayacaq”.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın düşməndən azad edilməsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub.
Yubiley tədbirində çıxış edən ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev Ulu öndərin nəsillərə örnək olan həyat yolun, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə geniş məruzə edib. O, Ulu öndərin Azərbaycanın tarixinə, mədəniyyətinə, elm və təhsilinə, eləcə də digər sahələrə verdiyi yüksək qiyməti vurğulayıb: “Ulu öndər çiyinlərinə bir xilaskarlıq missiyası götürdü. Azərbaycanın müstəqillik qazanması nə qədər çətin idisə, onu qoruyub saxlamaq ondan da çətin idi. Ümummilli lider öz siyasi dünyagörüşü, zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail oldu. Heydər Əliyevin hələ sovet məkanında və müstəqillik illərindəki xidmətlərinin əhəmiyyəti ictimai-siyasi həyatımızda özünü göstərirdi. Ümummilli liderimizin dövlətçilik siyasəti sayəsində Azərbaycanın özü ilə birlikdə səhiyyə sistemi də xilas edildi. Bundan sonra müstəqil Azərbaycanda siyasi-iqtisadi, elmi-mədəni sahələr və eləcə də hərbi quruculuq yüksələn xətt üzrə irəliləməyə başladı”.
Məruzəçi Heydər Əliyev şəxsiyyətindən və onun ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanmasındakı xidmətlərindən danışıb: “Ümummilli liderimiz ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət konsepsiyasını uğurla həyata keçirmiş, bu siyasi kurs bütün istiqamətlərdə dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə və inkişafına xidmət etmişdir. Ulu öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlmişdir”.
Nəsimi rayonu üzrə Ağsaqqallar Şurasının sədri, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, ə.e.x. Vaqif Şadlinski Heydər Əliyev şəxsiyyətindən və onun dünya liderləri arasındakı nüfuzundan söhbət açıb. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanmasında göstərdiyi xidmətləri diqqətə çatdırıb. O, çıxışında Ulu öndərin gənclərlə keçirdiyi müxtəlif görüşləri və tədbirləri daim xatırladığını və Ümummilli liderin respublikamızda gənclərin əsl vətəndaş kimi yetişməsi üçün həmişə lazımi şərait yaratdığını, həmçinin onun özünün də Ulu öndərlə 4 dəfə görüşdüyünü vurğulayıb. Heydər Əliyevin bütün sahələrə olduğu kimi, təhsilin inkişafına da böyük önəm verdiyini deyib: “Ölkə tarixində mühüm proseslərin getdiyi zamanda müasir və yenilənmiş dövlətimizin memarı və qurucusu Heydər Əliyevin düşünülmüş siyasəti dövlətin gələcək həyatının inkişafına hesablanmışdı. Dahi şəxsiyyət Heydər Əliyev öz xalqına qüdrətli və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş edib. Ulu öndərin ölkəmizin inkişafına işıq salan ideyaları daim yaşayacaq”.
YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov söyləyib ki, müstəqillik qazandığımız 1991-ci il oktyabrın 18-dən Ulu öndərin hakimiyyətə gəldiyi 1993-cü ilin iyununadək Azərbaycanda xaos hökm sürürdü. Hətta ölkədə parçalanma təhlükəsi yaranmışdı. Belə bir çətin anda xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev rəhbərliyi öz üzərinə götürdü və Azərbaycanı bu bəlalardan xilas etdi.
Tədbirin sonunda ATU-nun rektoru, professor Gəray Gəraybəyli və YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov YAP-ın sıralarına yeni qatılan bir qrup tələbə və əməkdaşa partiyanın üzvlük vəsiqəsini təqdim ediblər.