Vətən müharibəsi Şəhidi Abdullayev İbrahim Habil oğlunun şəhadət günüdür.
44 gün davam edən Vətən müharibəsində Azərbaycanın mərd oğulları qəhrəmanlıq dastanı yazdılar. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, baş leytenant İbrahim Abdullayevdir. O, 20 iyul, 1994-cü ildə anadan olub.
Vətən Müharibəmiz zamanı Murovdağ yüksəkliyi və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşub, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Abdullayev Habil oğlu ölümündən sonra “Qarabağ” ordeni, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.