Xatirəyə dönən qəhrəman ömrü
Onun haqqında ilk məlumatı təsadüfən məhəllə qonşusu Samiq Qəmbərovdan öyrənə bildim: - Adı Aqşin idi, çox tərbiyəli, böyük-kiçik yeri bilən gənc idi. Ali məktəbi yeni bitirmişdi. Bildiyimə görə əlavə təhsil almaq uçun Türkiyəyə getməyə hazırlaşırdı. Əsgəri xidmətə çağırıldığını biləndə bütün planlarını təxirə salıb tay-tuşları ilə bərabər vətən qarşısında borcunu verməyə yollandı.
30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarını erməni silahlı birləşmələrindən azad etmək üçün xalq və ordumuz savaşa başlayanda Aqşin üç ay idi ki, əsgəri xidmətdə idi, özü də nümunəvi əsgər olub. Heyif, iki bacının bir qardaşı olmaqla ailənin tək oğlan övladı idi. Dilim gəlmir deyəm ki, müharibədə qəhrəmancasına şəhid olub. Bir təsəllimiz var ki, o, illərlə işğal altında qalan Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, millətimizin şərəfi, namusu uğrunda gedən müharibədə şəhid olub. Məhəllə camaatı onunla fəxr edir...
Şəhid Aqşin Şahin oğlu Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhəri, Nəsimi rayonunda anadan olub. İki bacının bir qardaşı idi. Texniki-Humanitar Liseyi bitirdikdən sonra ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb. 2020-ci ilin iyununda həqiqi hərbi xidmətə çağırılıb. Müharibə başlayanda sıravi əsgər Aqşin Novruzov Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimlərin iştirakçısı olur. Verilən tapşırıq və əməliyyatların vaxtında və çevikliklə yerinə yetirilməsində nümunəvilik göstərir. O, yekun-baxış təlimlərindən sonra tankçılar briqadasına qatılır.
İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən qorxmazlığı, vətənpərvərliyi və əsgər yoldaşlarına olan qayğıkeşliyi ilə fərqlənib. Dəfələrlə təmas xətində şəhid olmuş və yaralı qalmış əsgər yoldaşlarının arxa cəbhəyə gətirilməsində könüllü olaraq axtarışlara qatılıb. Sıravi əsgər Aqşin Novruzov oktyabrın 2-də şiddətli döyüşlər zamanı ayağından ağır yaralanır. On günə kimi Daşkəsəndə hərbi hospitalda müalicə alır. Bu zaman atası və anası ilə telefon əlaqəsi saxlayaraq qəlpə yarası aldığını bildirmədən, hər şeyin yaxşı getdiyini, xidmətində heç bir narahatçılığın olmadığını bildirir. Oktyabrın 12-də xəstəxanadan buraxılaraq qulluq etdiyi hərbi hissəyə qayıdır. Bu zaman komandiri və əsgər yoldaşları ona müəyyən müddətə yüngül işlərlə məşğul olmasını tövsiyə etsələr də, o, bununla razılaşmır, "necə ola bilər hamı düşmənlə üzbəüz döyüşdə olsun, mən kazarmada" - deyə təkidlə heç olmasa posta çıxmasını xahiş edir. Təəssüf ki, həmin gün (13 oktyabr 2020-ci ildə) qəfildən qızğın döyüşlər başlayır. Və düşmən gülləsi 22 yaşlı Aqşindən yan keçmir.
Şəhidin nəşi Bakıya gətirilərək böyük izdiham və hərbi yaylım atəşi sədaları altında II Fəxri xiyabanda torpağa tapşırılır. Vətən müharibəsi müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdıqdan sonra şəhid Aqşin Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı və 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə (ölümündən sonra) təltif edilmişdir.
Şəhid-məzun, tankçı-əsgər Aqşin Novruzovun Əmək və Sosial Münasibətlər Akademiyasını bitirməsinə dair diplomu atası Şahin kişiyə təqdim olunmuşdur.
Şəhidin ruhuna ehtiram əlaməti olaraq yaşadığı həyətin girişində üçrəngli Azərbaycan bayrağı dalğalanır, xatirə lövhəsi və döyüş yolunu əks etdirən bir neçə şəkli vurulur. İkinci mərtəbədə yaşadığı mənzilin girişində ziyarətə gələnləri Aqşinin hərbi xidmətdə çəkdirdiyi "Əsgər yoldaşlarından xatirə" şəkilləri qarşılayır. Aqşinin atası Şahin kişi sürücü, anası Elnarə xanım tibb bacısıdır, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında çalışır. Elnarə xanım oğlu, iki bacının bir qardaşı - qəhrəman şəhidin əsgər paltarını, ali məktəbi bitirməsi barədə diplomu, foto və digər yadigar əşyalarından ibarət xüsusi guşə yaradıb. Bu guşənin digər tərəfində iki gül dibçəyi var ki, bu dibçəkdəki torpağı Elnarə xanım oğlunun şəhid olduğu Kəlbəcərdən gətizdirib...
Təhsil aldığı Texniki-Humanitar Liseydə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İkinci Qarabağ savaşında qəhrəmancasına şəhid olmuş Novruzov Aqşin Şahin oğlunun xatirə lövhəsi yaradılıb. Liseyin direktoru Kəmalə Mirzəyeva deyir ki, məzunlarından Vətən müharibəsində iştirak edən çox olub. Onlardan əlil və yaralı olanı da var. Amma yeganə şəhid Aqşin Novruzovdur. O, liseyin nümunəvi şagirdlərindən idi. Aqşinin doğum günü, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü münasibəti ilə, habelə digər milli bayramlarda məktəbimizin pedaqoji kollektivi və şagirdlərinin II Qarabağ savaşının iştirakçısı olmuş məzunlarımızla görüşü keçirilir. Aqşin Novruzovun xatirə lövhəsi önündə Vətən müharibəsi əlilləri və sağ qayıtmış iştirakçılar terrorçu erməni quldurlarına qarşı apardıqları döyüş yollarından danışırlar, Aqşinə dərs demiş müəllimlər, onunla bir yerdə oxuyanlar xatirələrini söyləyirlər. Onlar dövlətimiz tərəfindən istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərinə, yaralı, əlil və iştirakçılarına, şəhid və qazı ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirirlər. Bütün bunlar gənclərimizə Azərbaycanın ərazi bütövlüyü və xalqımızın azadlığı uğrunda mübarizədə xidmətləri olmuş igidləri unutmamağa, vətənini və xalqını sevməyə, vətənpərvər ruhda böyüməyə güc verir.