"Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirilib.
"3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakı Xətai sənət mərkəzində Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı mərkəzin gənc rəssamlarının "Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirildi.
Xocalı soyqırımda və torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir giriş sözü ilə mərkəzin direktoru Lalə Qəti açaraq, tədbirin əhəmiyyətindən danışdı. "Palitra" rəsm studiyasının rəhbəri Nərmin Abdullayeva isə Xocalı soyqırımı ilə bağlı gənc rəssamların işləri barədə ətraflı məlumat verdi.
Sonra Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva erməni millətçilərinin əsassız iddialarından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışaraq bildirdi ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşəri faciəsidir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə yazıçılarımızın, alimlərimizin fəallıq göstərmələri olduqca vacibdir. Gələcək nəsillər xalqın tarixindəki faciəvi səhifələri unutmamalıdır.
Tədbirin bədii hissəsində uşaqların ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndi, vətənpərvər mahnılar ifa edildi və "Azərbaycan" rəqs kompozisiyası nümayiş etdirildi.
Tədbirin sonunda sərgiyə dəvət olunmuş qonaqlar keçirilən tədbirlə bağlı öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.
Tədbir iştirakçıları gənc rəssamların sərgilənən 50-ə yaxın rəsm işləri ilə tanış oldular.
Tədbir böyüməkdə olan gənc nəsli vətənpərlik ruhunda tərbiyə etmək, uşaqların öz tarixini dərindən bilməsi, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən amansız cinayətlər barədə uşaq və gəncləri məlumatlandırmaq, torpaqlarımızın azadlığı uğrunda qurban gedənlərin xatirəsinin yad edilməsi məqsədi daşıyırdı.