Xocalı faciəsindən 31 ildönümünə həsr olunmuş “Xalq qəzeti” redaksiyasında Nəsimi rayon məktəblilərinin iştirakı ilə sərgi keçirilib.
Yaddaşlarda əbədi iz salmış Xocalı faciəsindən 31 il keçsə də, həmin soyqırımı xalqımızın qan sızan yarası olaraq qalır. Məşum hadisədən sonra orada lentə alınmış videokadrlar, çəkilmiş fotoşəkillər qətliamın miqyasını göstərməklə bərabər, erməni vəhşiliyi haqqında əsl həqiqətlərin dünyaya yayılmasında böyük rol oynayıb.
“Xalq qəzeti” redaksiyasında təşkil edilmiş növbəti fotosərgi faciənin xronikasını əks etdirməklə bərabər, gənc nəslin ermənilərin faşist xislətindən xəbərdar olması baxımından önəmlidir. Elə anım günü ilə əlaqədar sərginin açılış mərasimində Nəsimi rayonundakı məktəblərin müəllim və şagirdlərinin də iştirakı həmin mərama xidmət edirdi.
Əvvəlcə Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov çıxış edərək Xocalı qətliamı haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, bu kimi faciələr bir daha təkrarlanmasın deyə, bütün dünya Xocalı harayına səs verməli və milli zəmində törədilən bənzər hadisələrə qətiyyətlə “yox deyilməlidir. Məhz bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bir çox ölkələrdə davamlı tədbirlərin keçirilməsi təqdirəlayiqdir.
Qəzetin baş redaktor müavini, Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Tahir Aydınoğlu bu tədbiri məktəblilər üçün əsl tarix dərsi kimi dəyərləndirdi. Tanınmış jurnalistlər İttifaq Mirzəbəyli və Qəzənfər Qasımov Xocalı soyqırımının dinc əhalinin işğala məruz qalan Qarabağın digər yaşayış məntəqələrindən qorxub qaçması məqsədilə törədildiyini əsaslandırdılar, faciə qurbanlarının xatirəsinin daim ehtiramla yad edildiyini bildirdilər.
Nəsimi rayonundakı 164 nömrəli məktəbin psixoloqu Gültəkin İsgəndərova, 1 nömrəli məktəbin müəllimi Xanım Səfərova, 8 nömrəli məktəbin müəllimi Ceyran Quliyeva, 16 nömrəli texniki-humanitar liseyin müəllimləri Naibə Kəngərli və Zariya Hüseynova, 35 nömrəli məktəbin direktor müavini Aygün Vəliyeva, şagirdlər İsmayıl Vəliyev, Ayxan Bayramov sərginin təşkilinə və tədbirə dəvət olunduqlarına görə “Xalq qəzeti” redaksiyasının kollektivinə minnətdarlıq etdilər, bu kimi tədbirlərin yaddaşlarında dərin iz buraxacağını söylədilər.
Sonra anım mərasiminin iştirakçılarısərginin ekspozisiyası ilə ətraflı tanış oldular.