“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sağlam mühit naminə “Balacadan böyüyə həmrəy olaq” adlı tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə 35 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sağlam mühit naminə “Balacadan böyüyə həmrəy olaq” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, sahə həkimləri, valideynlər və şagirdlər iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Rəna Naibova açaraq tədbir iştirakçılarını salamlamış və tədbirin əhəmiyyəti barədə məlumat verib. Möhtərəm cənab Prezidentimiz tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması, ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcəkdir. Bütün respublikamızda yaşıllaşdırma, ətraf mühitin mühafizəsi artıq kütləvi davamlı prosesə, vətəndaş vərdişinə çevrilmişdir.
Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf İsgəndərov çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı rayonda müvafiq tədbirlər planı hazırlanmış və plana əsasən rayonda yaşıllıqların salınması və bununla bağlı ümumtəhsil müəssisələrində maarifləndirmə işləri aparılaraq silsilə tədbirlər təşkil olunur. Bu yönlü tədbirlər ilin sonunadək davam etdiriləcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm tarixi hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük qələbələrindən biridir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimadın və inamın növbəti bariz nümunəsidir.
Tədbirdə 1 saylı uşaq poliklinikasının həkim-terapevti İlhamə Rəsulova ilə məktəbin şagirdləri arasında havanın çırklənməsinin qarşısının alınmasından, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərdən və yaşıllığın qorunması barədə müzakirələr aparılmışdır.
Tədbirin sonunda mövzu ətrafında şagirdlər arasında diskussiyalar aparılıb və şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanışlıq olub.