Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd olunur
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiyadır.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.
Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının namizədləri 1995, 2000, 2005, 2010, 2015
və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub.
6 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir. 24 oktyabr 1992-ci il tarixində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir.
21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdir.
Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. 1993-cü ilin aprel ayında partiyanın mətbu orqanı olan "Yeni Azərbaycan" qəzetinin ilk sayısı çapdan çıxmışdır.
Partiya sədri Heydər Əliyev 4 iyun Gəncə qiyamından sonra Bakıya dəvət olunduğu üçün 9 iyun 1993-cü il tarixində Naxçıvandan Bakıya gəldi. O, 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 3 oktyabr 1993-cü il prezident seçkilərində Heydər Əliyev xalq tərəfindən prezident seçilmişdir.
15 oktyabr 2003-cü il prezident seçkilərində qələbə çalan İlham Əliyev partiya sədrinin birinci müavini olaraq Heydər Əliyev öldükdən sonra partiyaya rəhbərlik etməyə başladı. 26 mart 2005-ci il tarixində YAP-ın III Qurultayı keçirildi və Prezident İlham Əliyev partiyanın rəsmi sədri seçildi.
15 oktyabr 2008-ci il, 9 oktyabr 2013-cü il və 11 aprel 2018-ci il tarixlərində İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP-nın əldə etdiyi uğurlar dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına mühüm töhfələr verib. Qeyd edək ki, YAP-ı qısa müddətdə hakim partiyaya çevrilməsinin əsasında xalqın Ulu Öndərə sevgisinin və inamının dayanıqlığıdır.
30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP-ı ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək, ölkəmizin inkişafı və formalaşmasında misilsiz rol oynayıb, partiyanın irəli sürdüyü hər bir təşəbbüsün, qəbul etdiyi qərarların dövlətimizin daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf edərək, hazırda sıralarında 800 minə yaxın üzvü birləşib.
Vətən müharibəsində əldə olunan parlaq qələbənin və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyan YAP-I, dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.