Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə Nəsimi rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Xanım Mehriban Əliyevaya Təbrik

21 noyabr 2022 | 07:41

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti

Xanım Mehriban Əliyevaya

 

Hörmətli Mehriban xanım!

Sizi, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olan, görkəmli fəaliyyəti ilə dünya səviyyəsində təqdir edilən dövlət xadimini – ölkəmizin tarixində özünəməxsus yer tutan tarixi hadisə - Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibəti ilə Nəsimi rayon ictimaiyyəti adından səmimi-qəlbdən  təbrik  edir,  Sizə  gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi ölkəmiz üçün çox tarixi və əlamətdar hadisədir. Yeni Azərbaycan Partiyasının yaranma zərurəti illər keçdikcə daha aydın görünür, daha düzgün təhlil edilir.

1992-ci il 21 noyabrda təsis konfransını respublikanın bütün bölgələrindən nümayəndələrin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası çox qısa zamanda ümumxalq partiyasına çevrildi, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atdı. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, YAP-ın tarixində önəmli mərhələnin təməlini qoydu. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Uğurlu, faciəli səhifələrimiz vardır. Onların öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər zaman günün tələbi olmalıdır.

Ümummilli lider Heydər Əliyev uğurlu siyasəti ilə dövlət müstəqilliyimizi daha da möhkəmləndirdi, əbədi və sarsılmaz olmasını təmin etdi. Bu uğurlarda təbii ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir.

Azərbaycana davamlı uğurlar qazandıran  Ulu öndər Heydər Əliyevin  yolu siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışlar sistemidir. Bu siyasi xətt müstəqil dövlətçiliyin möhkəmlənməsini və inkişafını təmin edir, onun vasitəsilə Azərbaycanın milli inkişaf strategiyasının istiqamətləri müəyyən olunur. Milli maraqların üstünlüyü, güclü, müstəqil, hüquqi, demokratik dövlət, inkişaf edən şaxələndirilmiş iqtisadiyyat, idarəçilikdə və milli ideologiyada varislilik, azad insan, azad cəmiyyət, xalq-hakimiyyət vəhdəti, inkişaf etmiş vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm və tolerantlıq kimi dəyərlər Heydər Əliyev yolunu səciyyələndirən əsas xüsusiyyətlərdir. Heydər Əliyev yolu xalqımızın gələcəyinə istiqamətlənmiş, Azərbaycan dövlətinin tərəqqisinə və möhkəmlənməsinə xidmət edir. Bu siyasi kurs milli çağırışların qlobal çağırışlarla uzlaşdırılması əsasında varislik və təkamül yolu ilə inkişaf edir. Partiyanın əsas hədəflərindən biri məhz Heydər Əliyev irsinin təbliği və təşviqidir.  Son 19 ildən artıq dövrdə  Ulu öndər Heydər Əliyevin siyasi kursunun Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı dünyaya etibarlı tərəfdaş, ən islahatçı, demokratiya təcrübəsi nümunə olan ölkə kimi təqdim edib, sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Bu gün Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını növbəti inam və etimadın ünvanı kimi göstərməklə Azərbaycanın etibarlı gələcəyini təmin etmişdir.

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın həyatında mühüm tarixi hadisədir. 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə nail oldu. Ümummilli lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin edibdir. YAP öz gücünü Heydər Əliyev ideyalarından alır. Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası böyük nailiyyətlərə imza atır.

Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi sahəsində YAP-ın hədəfləri layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması, bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi kimi mühüm məsələlərdir.

Hörmətli Mehriban xanım!

Xalqımız tam əmindir ki, Dövlət başçısı cənab İlham Əliyevin və Sizin birgə səyləriniz nəticəsində qalib Azərbaycanımız bundan sonra daha da inamla irəliyə doğru addımlayacaq, möhtəşəm uğurlara imza atacaqdır. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaqdır. Yeni Azərbaycan Partiyası ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirakı ilə cəmiyyətin avanqard qüvvəsinə çevrilibdir.

Partiyamız zamanın bütün sınaqlarından uğurla çıxıb, xalqımızın və Vətənimizin mənafeyi naminə fəaliyyət göstərərək böyük siyasi qələbələr qazanıbdır.  Partiya bundan sonra da özünün bütün potensialını müasir, zəngin və qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər edəcəkdir. YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır. Yarandığı vaxtdan bugünədək qazandığı böyük nailiyyətlər bir daha sübut edir ki, YAP yeni üfüqlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır.

Ölkə rəhbəri və Birinci Vitse-prezident tandemi ilə görülən bütün işlərin təməlində Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət dayanır.

YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə də mühüm işlər görür. Gənclərin siyasi fəallıqlarının artırılması, gənc siyasətçi, lider kimi yetişmələri üçün Yeni Azərbaycan Partiyası biri-birindən önəmli layihələr həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyev gənclərin potensial imkanlarından maksimum istifadə etməyin vacibliyini bildirir.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstəribdir və bu proses davamlı xarakter daşıyır.

Hörmətli Mehriban xanım!

Bir daha Sizi 2022-ci ilin əlamətdar hadisələrindən biri – Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan xalqı və dövləti naminə həyata keçirdiyiniz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzusu ilə birliyimizin, həmrəyliyimizin əbədi olmasını diləyirik.

 

Dərin hörmət və ehtiramla,

                                                                                                                                          Nəsimi rayon ictimaiyyəti adından

                                                                                                                                                     İcra Hakimiyyətinin başçısı

                                                                                                                                                                             Asif Əsgərov

 

 

                                        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər