Zəfər Günü ilə bağlı Nəsimi rayonunda “Mən Şəhidəm, ölməmişəm” adlı tədbir keçirilib
8 noyabr – Zəfər Günü şanlı qələbəmizi iftixar hissi ilə qeyd etdiyimiz tarixi bir gündür. Bu mövzu ilə əlaqədar Nəsimi rayon məktəblərində silsilə tədbirlər və ağaçəkmə aksiyaları keçirilir. Belə tədbirlərdən biri də "Mən Şəhidəm, ölməmişəm!" başlığı altında Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə təşkil olunub.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız – İsmayıl Kərimli, Rauf Əliyev, Ruslan Cəfərovun ailə üzvləri və məktəbin pedaqoji heyəti, şagirdlər iştirak ediblər.
İlk olaraq məktəbin foyesində şagirdlərin əl işlərindən təşkil olunan rəsm sərgisinə baxış keçirilib. Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə 44 günlük Vətən müharibəsi, şəhidlərimizin qəhrəmanlığı, azad edilmiş ərazilərdə aparılan quruculuq işləri və Qarabağ Zəfəri mövzusunda maraqlı çıxışlar nümayiş olunub. “Mən Şəhidəm, ölməmişəm” şeiri və “Əsgər qardaşları” mahnıları səsləndirilib.
Həmçinin məktəbin həyətində yaradılmış "Zəfər bağı"nda şəhidlərimizin əziz xatirəsinə dərin hörmət əlaməti olaraq ağaclar əkilib.
Tədbirin sonunda qonaqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğı siyasətindən, həmçinin ümumi təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin mühüm əhəmiyyətini vurğuladılar. Bildirildi ki, bu cür tədbirlər yalnız keçmişə deyil, həm də gələcəyə verilən dəyərin bariz nümunəsidir.






