Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu 240 saylı tam orta məktəbdə “Son zəng” tədbiri

14 iyun 2017 | 16:00

14 iyun 2017-ci il tarixdə Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olunmuşdur.Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların  yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.
«Son zəng» tədbirinin keçirildiyi  240 saylı tam orta məktəbdə 1514 nəfər şagird təhsil alır. 240 saylı tam orta məktəb «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qalibi adını qazanmış, məktəbin 4 müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri  arasında olmuşlar. 2013-cü ildə 240 saylı orta məktəb Dövlət Proqramına uyğun olaraq əsaslı təmir edilərək bütün lazımi avadanlıqlarla təchiz olunmuşdur. Bu il məktəbi 58 nəfər məzun bitirir.
Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan 240 saylı tam orta məktəbin direktoru, Qabaqcıl təhsil əlaçısı Esmira Məmmədova  məktəb kollektivinin uğurlarını qeyd edərək Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-  Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb.
“Son zəng” tədbirində  iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək  bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin təhsil almaları üçün dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər çür şərait yaradılıb. Belə bir mühitdə təhsil alan məzunlar Azərbaycanın inkişaf etdirilməsi üçün çalışmalı, ölkəmizin uğurlarına yeni uğurlar qazandırmaq üçün bütün qüvvələrini sərf etməlidirlər.
Asif Əsgərov qeyd etdi ki,  Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır.Heydər Əliyev Fondu tərəfindən məktəblər əsaslı şəkildə təmir olunur, məktəblilərin təhsil almaları üçün lazımi şərait yaradılır. Ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan qayğı Azərbaycan Respublikasının Birinci vitse -  Prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan diqqətinin bariz nümunəsidir. 
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  Asif Əsgərov müstəqil həyatın  astanasında duran məzunlara uğurlar,  olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.
Tədbirdə  müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. “Son zəng” tədbiri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.

Keçidlər