Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının QƏRARI
Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin
Apellyasiya Şurasının
QƏRARI
№ 01
Bakı şəhəri 25 dekabr 2020-ci il
Apellyasiya Şurası “Yeni Ailə” MTK-nın Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 13 oktyabr 2020-ci il tarixli 122 saylı Sərəncamının ləğv olunması barədə şikayətinə baxaraq müəyyən etdi:
Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 259 №-li 08 avqust 2018-ci il tarixli Sərəncamı ilə Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək yerində “Yeni Ailə” MTK tərəfindən hündürmərtəbəli yaşayış və qeyri yaşayış binalarının tikintisinə icazə verilmişdir. “Obyektin tikintisinə İcazə” sənədində inşa ediləcək hündürmərtəbəli binaların mərtəbələri 15 (+mansard) olaraq qeyd edilmişdir.
Daha sonra mərtəbəlilik normaları ilə bağlı layihələndirmə sənədlərində müvafiq qaydada dəyişiklik edilməsi və həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 122 №-li 13 oktyabr 2020-ci il tarixli sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidə tikintisi nəzərdə tutulmuş 2 ədəd 2 girişli 15 mərtəbəli +(texniki mərtəbə mansard) binanın inşasının mərtəbəliliyinin 13+(texniki mərtəbə mansard) endirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi “Yeni Ailə” MTK-ya həvalə edilmişdir.
Sözügedən sərəncamdan narazı qalan “Yeni Ailə” MTK tərəfindən 17 noyabr 2020-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına şikayət daxil olmuşdur. Həmin şikayətlə “Yeni Ailə” MTK Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 13 oktyabr 2020-ci il tarixli 122 saylı Sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya Şurasında daxil olmuş şikayət üzrə “Yeni Ailə” MTK-nin nümayəndəsi Quliyev Anar Eldəniz oğlu izahat verərək bildirdi ki, sonuncu Sərəncam əsasında MTK-nın inşa edəcəyi binaların ümumi sahəsində itki yaranır və sahibkarlıq subyekti kimi MTK ziyana düşmüş olur. Odur ki, nümayəndə şikayətin təmin olunmasını xahiş etdi.
Şikayət üzrə araşdırma zamanı Bakı şəhərinin Nəsimi rayonunun inzibatı ərazisinə aid mərkəz hissəsində sıxlıq əmsalı, kommunikasiya xətlərinin, yol və nəqliyyat infrastrukturunun ötürmə gücünün yüksəkmərtəbəli binaların tikintisi üçün əlverişsiz və normalara zidd olduğu müəyyənləşdirilmişdir. Şəhərsalma sahəsində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müzakirələr aparılmış və Nəsimi rayonu üzrə bir sıra pilot layihələrə yenidən baxılması tədbirlərinin görülməsi zərurəti yaranmışdır.
Həmçinin, müəyyən olunmuşdur ki, kommunikasiya xətləri, o cümlədən mövcud qaz şəbəkəsi yeni çoxmərtəbəli müasir yaşayış komplekslərinin tikintisi ilə əlaqədar yaranan tələbatı təmin edə bilmir. Yaranacaq problemləri nəzərə alaraq məsələyə baxılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən 29.11.2018-ci il tarixli 17/17/5270-09/12 nömrəli qeydiyyatla rayon İcra Hakimiyyətinə müvafiq göstəriş verilmişdir. Nəsimi rayonunda pilot layihələri həyata keçirən investorların maliyyə dəstəyi ilə qaz kəmərlərinin yenidən qurulması barədə Dövlət Neft Şirkətinin (SOKAR) müraciəti ilə bağlı məsələnin əhəmiyyəti iş adamlarının nəzərinə çatdırılmış, mövcud kommunikasiya şəbəkələrinin artan tələbatla bağlı yenidənqurulması üçün tədbirlər görülməsi onlardan xahiş olunmuşdur.
Bir sıra investorlar, o cümlədən “Yeni Ailə” MTK 07.12.2018-ci il tarixli 26 saylı cavab məktubu ilə kəmərlərin yenilənməsi üçün maliyyə vəsaitinin olmadığını bildirmişdir. Nəsimi rayonunun mərkəz ərazisində pilot layihələrlə tikilən yaşayış komplekslərinin qoşulacağı kommunikasiya şəbəkələri artan tələbatı ödəmədiyindən mövcud infrastrukturda ciddi problemlərə zəmin yaranır.
Qeyd olunanları nəzərə alaraq rayon İcra Hakimiyyəti tərəfindən pilot layihələr həyata keçirən bir sıra investorlara layihələrə yenidən baxılması barədə məktublarla, o cümlədən “Yeni Ailə” MTK-ya 01.03.2019-cu il tarixli 3/309 saylı məktubla müraciət olunaraq 2 ədəd 2 girişli 15 mərtəbəli binanın mərtəbəliliyinin 13-ə endirilməsi həvalə olunmuşdur. Sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 122 №-li 13 oktyabr 2020-ci il tarixli sərəncamı ilə 2 ədəd 2 girişli 15 mərtəbəli + (texniki mərtəbə mansard) binanın inşasının mərtəbəliliyinin 13+(texniki mərtəbə mansard) endirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi “Yeni Ailə” MTK-ya həvalə edilmişdir.
Yuxarıda göstərilənlər nəzərə alınaraq Nəsimi rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası
QƏRARA ALDI:
- Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 13 oktyabr 2020-ci il tarixli 122 saylı Sərəncamı dəyişdirilmədən saxlanılsın və “Yeni Ailə” MTK-nın 17 noyabr 2020-ci il tarixli apellyasiya şikayəti təmin edilməsin.
- Qərardan Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına şikayət verilə bilər.
Sədr Zahid Xəlilov
Katibliyin rəhbəri Hamlet Baxışov